"El Klassiko"ya "El Pistolero" damğası

Kenan Heyderli

28 Fevral 2019 0

"Copa del Rey"də yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyunda "Nou Kamp"dan sərfəli nəticə (1-1) ilə dönən Real Madrid "Santiaqo Bernabeu"da uğurunun davamını gətirə bilməyərək əzəli və əbədi rəqibi Barselona qarşısında mübarizəni dayandırıb. "El Klassiko öncəsi El Klassiko"nun qəhrəmanı isə 32 yaşlı Uruqvaylı forvard Luis Suarez olub.

Bununla da, "El Pistolero" ləqəbli hücumçu "Kral klubu"nu "Kral Kuboku"nda ilk dəfə məyus etməyi bacarıb. Oyuna gəldikdə isə, ilk hissədə yaxşı təsir bağışlayan Real Madrid 19 yaşlı gənc vinger Viniciusla 3 dəfə qola yaxın olsa da, sambaçının təcrübəsizliyi onun fərqlənməsinə mane olub.

Brazilyalı futbolçunun "mərhəmət"indən ikinci hissədə Suarez maksimum istifadə edib. 50-ci dəqiqədə heç kimin gözləmədiyi anda tək toxunuşla Navası məyus edən "9 nömrə" 69-cu dəqiqədə Varanı avtoqola məcbur edib. 73-cü dəqiqədə Kasemironun müdaxiləsindən sonra yerdə qalan Suarez təyin olunmuş penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib: 0-3. Penalti qolunu "Panenkasayağı" yerinə yetirən Suarez 1976 Avropa Çempionatının finalında analoji qolla Qərbi Almaniyanın əfsanəvi qolkiperi Zepp Mayeri məyus edərək Çexoslovakiyaya kuboku qazandıran Antonin Panenkanın "icad"ını bir daha futbolsevərlərə xatırladıb.

Qeyd edək ki, Barselonanın finalda rəqibi 28 fevralda keçiriləcək Valensiya - Real Betis (ilk oyun 2-2) oyunu ilə müəyyənləşəcək.

Final oyunu isə 25 Mayda "Real Betis"ə məxsus "Benito Villamarin" arenasında baş tutacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur