Lampard Mourinyonu məyus etdi. Bavariya son dəqiqələrdə xal itirdi

Kenan Heyderli

26 Sentyabr 2018 0

Çərşənbə axşamı keçirilən oyunlarda ən böyük sürpriz "Old Trafford"da qeydə alınıb.

"Mançester Yunayted" Liqa kubokunun 3-cü turunda Lampardın çalışdırdığı Çempionşip klubu "Derbi Kountri"yə penaltilər seriyasında məğlub olaraq mübarizəni erkən dayandırıb.

Özü də qeyri stabil çıxış edən "qırmızı şeytanlar" bu görüşdə güclü heyətlə iştirak edib: Romero - Diego Dalot, Erik Bailly, Cons, Yanq - Matiç, Herrera, Mata, Linqard, Martial - Lukaku.

Oyuna yaxşı başlayan Mourinyonun yetirmələri artıq 3-cü dəqiqədə Matanın ayaq içi zərbəsiylə önə keçib: 1-0. Qol şanslarını sağa sola xərcləyən Lukakunu və komanda yoldaşlarını 59-cu dəqiqədə Vilson Ronaldosayağı cərimə zərbəsiylə cəzalandırıb. 67-ci dəqiqədə cərimə meydançasının kənarında əllə oynayan Romero oyundan qovulub.

Sona 4 dəqiqə qalmış Marriott fərqlənməklə Old Traffordu yenidən sükuta qərq edib. Lakin Fellainin son dəqiqələrdə sözün əsl mənasında baş işlətməsi oyunu əlavə vaxta aparıb. Əlavə vaxtda da tarazlığı poza bilməyən tərəflər penalti seriyasında qüvvələrini sınayıb.

Gərgin keçən penalti atışlarında "Yunayted"in qolkiperi Lee Qrant zəif çıxış edərək heç bir penaltini dəf edə bilməyib. Qonaqların qapıçısı keçmiş "Bursaspor"lu Skot Karson isə Fil Consun zərbəsini dəf edərək komandasına turu gətirib.

Gecənin digər sürprizi Almaniyada yaşanıb. Robbenin adət etdiyimiz qollarından biri ilə önə keçən "Bayern Münxen" 87-ci dəqiqədə Mario Götzenin qardaşı Feliks Götzenin qoluna mane ola bilməyərək mövsümün ilk xal itkisini yaşayıb.

Bundesliqanın digər güclü klubu "Şalke" isə tarixinin ən bərbad başlanğıcını "Frayqburq"la səfər oyununda da davam etdirib.

"Qalatasaray"ın Çempionlar liqasında r'qibi olan Domeniko Tedeskonun kollektivi Florian Niederlexnerin vurduğu qola cavab verə bilməyərək 5-ci oyunundan da xalsız ayrılıb: 1-0

La liqada isə, "Real Sosyedad" doğma "Aneota"da çempionatın debütantı və autsayderi "Rayo Valekano"ya məğlubiyyətdən braziliyalı hücumçusu Vilian Josenin vurduğu qol sayəsində xilas olub: 2-2

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur