Kral(lar) öldü. Yaşasın yeni kral!

Futbolda

25 Sentyabr 2018 0

Bir dekada - onillik dövr başa çatdı. Londonda yaşanan "futbol inqilabı"nda futbolun "diktator"ları taxtından devrildi.

Gözlərimizin görməyə, qulaqlarımızın eşitməyə alışdığı ənənə, "ya Messi qazanacaq, ya da Ronaldo" fikirləri artıq tarixə qovuşdu. Ən azından 2019-da keçiriləcək növbəti tədbirə qədər. Gəlin sözügedən iki superulduzun futbol dünyasına damğa qoyduğu yaxın on ilə nəzər yetirək.

Tarix 17 dekabr 2007-ci il. Yer Zürix (İsveçrə). Sayca 17-ci dəfə olaraq FİFA dünyanın ən yaxşı oyunçusunu müəyyənləşdirir.

ÇL-nı qazanan Milanın yarımmüdafiəçisi Rikardo Kaka, Romario (1994), Ronaldo (1996, 1997, 2002), Rivaldo(1999) və Ronaldinyonun (2005, 2006) ardından mükafatı qazanan 7-ci braziliyalı futbolçu kimi adını tarixə yazdırır. Həm də Kaka bu tədbirdə Messi və Ronaldonu geridə qoymağı bacararaq sonradan yaranacaq ənənəni bir il təxirə salır.

Lakin həm braziliyalıların hegemoniyasının, həm də uzun müddət üçüncü fərqli bir şəxsin ilin ən yaxşı olmasının qarşısını alacaq iki ad ön plana çıxır: Argentinalı Messi və Portuqaliyalı Ronaldo. 

Klub karyerası ilə Maradonadan qat-qat üstün tutulan Messi eks komanda yoldaşı Ronaldinyodan boş qalan "10"  nömrənin haqqını sona qədər verərək ardıcıl 4 dəfə (2009, 2010, 2011, 2012) dünyanın ən güclüsü olur. Messi 2015-ci ildə də Balon d'Oru qazanmaqla ümumilikdə 5-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxır.

"Sulugöz" ləqəbli, qolun sinonimi Yuventuslu Ronaldo 2008-dən sonra daha 4 dəfə (2013, 2014, 2016, 2017) bu uğura yiyələnməklə Messi ilə titul sayını eyniləşdirib. Əlavə olaraq şəxsi və komanda şəklində uğurları ilə o tər tökdüyü Portuqaliya millisinin, Mançester Yunaytedin və Real Madridin 7 nömrələrinin müvafiq olaraq Fiqo, Bekham və Raul kimi ulduzların önünə keçərək müasir futbolun başlıca ikonlarından birinə çevrilir.

Son 10 ildə titulun sadəcə bu iki futbolçu arasında əl dəyişdirməsi artıq futbol ictimaiyyətinin və azarkeşlərin "tox olmasına" səbəb olmaqdaydı. 2010-cu ildə İnterlə A seriyasını və ÇL-nı qazanan, Hollandiya ilə dünya ikincisi olub 5 qolla Forlan və Müllerlə birgə bombardirlərdən biri olan Uesli Sneyderin , 2013-cü ildə isə Bavariyanın ÇL qazanmasında böyük pay sahibi olan Frank Riberinin çıxışını doğruluq naminə nəzərə almasaq, qalan illərdə haqsızlığın edildiyindən söhbət açmaq yersiz olardı.

Lakin ötən gecə Londonda baş tutan 27-ci mükafatlandırma mərasimində gözlərimiz dəyişkənliklərə tamaşa etdi. Əvvəla, La liqa çempionluğu xaric komanda şəklində elə də uğurlu mövsüm keçirməyən Leo Messinin gözlənildiyi kimi üçlükdə olmaması ilə son 11 ildə ikinci dəfə bu iki futbolçudan biri siyahıda yer almadı. Xatırladaq ki, 2010-cu ildə keçirilən analoji tədbirdə Ronaldo iştirak etməmiş, üç Barselonalı - Messi, Xavi və İniesta qalib adı uğrunda mübarizə aparmışdı.

İkinci olaraq, dəyişməz qaliblərdən Ronaldonun adı üçlükdə olsa da, Luka Modriç həmyaşıdı (33 yaş) və eks komanda yoldaşı Ronaldo ilə Liverpullu Salahı geridə qoyaraq dünyanın ən güclüsü oldu. Xorvatiya ilə dünya ikinciliyini eləcə də, mundialın qızıl topunu qazanan "maestro" Real Madridin sözün hər iki mənasında "10" nömrəsi və düşünən beyni idi.  

Nəticə olaraq, Balkan yarımadasının qüruru Modriç Londonda futbolun dəyişməz "kral"larını taxtından endirərək bu mükafatı qazanan ilk xorvat və 6-cı Real Madridli futbolçu (Fiqo, Ronaldo, Zidane, Kannavaro, Kristiano Ronaldo) kimi tarixə keçdi.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur